ORDU
Azərbaycan Silahlı Qüvvələri Günü Moskvada qeyd edilib VİDEO
Moskva, 25 iyun, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbul təşkil edib. Qəbulda 70-dən çox ölkənin Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin hərbi attaşeləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önünə gül dəstələri qoyublar.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan üçün Silahlı Qüvvələr Günü çox vacib gündür. Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımız işğal olunub. Səfir deyib: “Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşün nəticələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunacağına ümid bəsləməyimizə imkan verir. Bütün bunlara baxmayaraq, məhz Azərbaycan Ordusu uğurumuzun rəhni, suverenliyimizin təminatçısıdır”.
Müstəqil Azərbaycanın ordu quruculuğundan söz açan diplomat qeyd edib ki, ötən əsrin 90-cı illərində SSRİ-nin süqutundan sonra bir çox sahələrdə, xüsusilə hərbi sahədə qeyri-müəyyənlik hökm sürürdü. Elə həmin dövrdə ölkəmiz təcavüzə məruz qaldı: “O zaman Azərbaycanın ordusu yox idi, ayrı-ayrı silahlı birləşmələr təcavüzə müqavimət göstərməyə çalışırdılar. Həmin dövrdə təcavüzkar tərəf vəziyyətdən istifadə edərək silahlanır, o cümlədən sovet ordusundan silah alırdı. Bu səbəbdən, Azərbaycan müharibəyə hazır deyildi və ərazisinin bir hissəsini itirdi”.
Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın döyüş qabiliyyətli, Ali Baş Komandanın qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə qadir olan güclü ordusu var. “Son illərin hadisələri Azərbaycan Ordusunun düşmən qarşısında üstünlüklərini sübut etdi. Aprelin əvvəlində Azərbaycan Ordusunun düşmənin müdafiəsini qıraraq xeyli irəliləməyə nail olması buna parlaq misaldır. Fürsətdən istifadə edərək, ön cəbhədə olan hərbçilərimizin qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Burada Moskvanın müxtəlif hərbi məktəblərində təhsil alan azərbaycanlı gənclər iştirak edir. Onlara uğurlar arzulayır və hərbi xidmətlərini layiqincə yerinə yetirməyi diləyirəm”.
Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi, polkovnik Rac Babayev Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən danışaraq qeyd edib ki, hazırda Azərbaycan Ordusu hərbi təcavüzə cavab verməyə qadir, döyüşə hazır olan bir ordudur. O vurğulayıb ki, aprel döyüşləri ordumuzun texniki cəhətdən üstünlüyünü bir daha sübut etdi. Hər bir ölkənin, hər bir xalqın öz torpaqlarını azad etmək kimi müqəddəs hüququ var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva