İQTİSADİYYAT
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətində aparıcı rola malik olacaq
Tehran, 25 avqust, AZƏRTAC
İranın Çabahar Azad İqtisadi Zonası (AİZ) Ümumdünya Azad İqtisadi Zonalar Təşkilatına üzv olub.
AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərində (Dubay) yerləşən təşkilata Asiyada, ABŞ və Avropada fəaliyyət göstərən azad iqtisadi zonalar daxildir. Çabahar AİZ-nin baş direktoru Əbdülrəhim Kordi bildirib ki, Çabahar limanı yalnız İran üçün deyil, regiondakı bütün dövlətlər üçün əhəmiyyətlidir. Liman dünyadakı 10 ən böyük yükaşırıma imkanı olan limanlar sırasına daxildir. Bu liman vasitəsilə Asiya ilə Avropa nəqliyyat əlaqələri qurub ticarət dövriyyəsini artıra bilərlər. Limanın strateji xarakter daşıyan məntəqədə yerləşməsi ona qitələr arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı verib.
Oman dənizi sahilində yerləşən limanın Hind Okeanına çıxışı olmaqla yanaşı, Asiyanın 21 dövlətini, 800 milyon əhalisi olan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropanı nəqliyyat əlaqəsi baxımından birləşdirir. Hazırda liman 8,5 milyon ton yükaşırımına malikdir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çabahar limanında yaradılan AİZ idxal-ixrac əməliyyatlarının miqyas və həcmini artırır. Bu liman “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətində aparıcı rola malikdir. Cənub-Şərqi Asiya dövlətlərindən Çabahara daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Avropaya daşınacaq.
Azərbaycanda “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm formalaşmasında, həm də fəaliyyətində aparıcı rol oynayan dövlətlərdəndir. Çabahar limanı vasitəsilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan üzərindən keçəcək ki, bu da ölkəmizin logistika mərkəzinə çevrilməsini şərtləndirir. Bu istiqamətdə Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan dəhliz çərçivəsində lazımi işləri həyata keçirərək İran ilə dəmir yollarını birləşdirib, Bakıdan İranın sərhədinə kimi magistral yolu beynəlxalq standartlara uyğun olaraq yenidən qurub. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma imkanı artırılıb.
Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşməsi üçün Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsində tikinti işləri aparılır. İran bu yolu tamamladıqdan sonra dəhlizin işə düşəcəyi və hər iki dövlətin büdcəsinə gəlir gətirəcəyi şübhəsizdir. Qeyd etmək lazımdır ki, Çabahar limanı iqtisadi sanksiyalardan kənarda qalıb ki, bu da onun strateji əhəmiyyətini göstərir.
Nəzərə çatdırmaq lazımdır ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan üçün olduqca mühümdür. Bu dəhliz vasitəsilə yalnız bir istiqamətdən deyil, iki istiqamətdən Avropaya və əks istiqamətə göndərilən yüklər tranzit olaraq ölkəmizin üzərindən daşınacaq. Birinci istiqamət barəsində yuxarıda məlumat verdik. İkinci istiqamətdə isə Körfəz ölkələrindən İranın Bəndər Abass limanına daxil olan yüklər yenə də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən Avropaya daşınacaq. Bu isə dövlət büdcəsinə külli miqdarda valyutanın daxil olmasını şərtləndirir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran