ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti ikinci ali təhsil almaq istəyənlər üçün tələbə qəbulu elan edir
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 2018/2019 -cu tədris ilində 16 ixtisas üzrə ikinci ali təhsil almaq üçün tələbə qəbulu elan olunur.
Universitetdə ikinci ali təhsil almaq üçün maşın mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, nəqliyyatda daşımaların və idərəetmənin təşkili mühəndisliyi, nəqliyyatda daşımaların və idərəetmənin təşkili mühəndisliyi, nəqliyyat servisi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, metallurgiya mühəndisliyi, ekologiya mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, biotibbi texnologiya mühəndisliyi, sənayenin təşkili və idarə olunması, menecment ixtisasları üzrə qəbul aparılacaq.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, sənayenin bir çox istiqamətlərini əhatə edən bu ixtisaslara yiyələnmək arzusunda olanlar sənədlərini iyulun 23–dən avqustun 31-nə kimi hər gün (istirahət günləri istisna olmaqla) saat 10.00-dan 16.00-dək universitetə (əsas bina, 3–cü mərtəbə, tədris hissəsi) təqdim edə bilərlər.
İkinci ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə - saatların miqdarını göstərməklə), əmək kitabçasının surəti, işlədiyi müəssisə, təşkilat və ya idarədən arayış, 3х4 sm ölçüdə 6 ədəd fotoşəkil, pasport və ya şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
İkinci ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əvvəlki ali təhsild seçdiyi ixtisasa uyğun olaraq müvafiq kursa qəbul edilirlər.Təhsil Azərbaycan dilində və ödənişli əsaslarla təşkil olunacaq.
Qeyd edək ki, hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. 1993–cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin də diplomları mövcud qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindəın tanındıqdan sonra universitetdə əlavə ixtisas təhsili almaq üçün müsabiqədə iştirak edə bilərlər.