ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova icbari tibbi sığortanın üstünlükləri və faydaları haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, icbari tibbi sığortaya daxil olan xidmətlər zərfini dövlət müəyyən edir. Dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olan bütün xidmətləri pulsuz əldə edir. 18 yaşına çatmayan şəxslər, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr sığorta haqqı ödəməkdən azad edilir.
Dövlət Agentliyinin nümayəndəsi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.