ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində yazıçı Elxan Elatlı ilə görüş keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov bu görüşün gənclərin E.Elatlı yaradıcılığına olan marağından irəli gəldiyini qeyd edib.
E.Elatlı tələbə gənclərlə görüşdən məmnunluğunu bildirib, öz həyat və yaradıcılığı barədə onlara məlumat verib. Ali təhsilinin texniki sahəyə aid olduğunu bildirən ədib “Düşün bir az” (məntiqi riyaziyyat məsələləri), “Maraqlı məntiq məsələləri” əsərlərinin mövzusunun məhz ixtisası olan riyaziyyata marağından yarandığını bildirib.
Yazıçı gənclərə romanlarında mütəmadi toxunduğu Qarabağ həqiqətləri, qəhrəmanlar və Azərbaycanın şanlı tarixindən danışıb.
Sonda qonağa “Universitetin fəxri qonağı” diplomu təqdim olunub.