REGİONLAR
Azərbaycan Texnologiya Universiteti 15-ə yaxın ölkənin elm adamlarını bir araya gətirib
Gəncə, 6 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (UTECA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Türkiyə, Bosniya Herseqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla, ümumilikdə, 12 ölkənin, eləcədə ölkə universitetlərinin bir çoxunun elm adamları iştirak edib.
Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfrans hibrid formatda təşkil olunub.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib. Ümummilli Liderin, eləcə də Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov çıxış edib. Rektor bildirib ki, universitet hər il ənənəvi olaraq beynəlxalq konfransları Ümummilli Liderə həsr etməyi özünə mənəvi borc bilir. Çünki universitetin əsası 50 il əvvəl Heydər Əliyev tərəfindən qoyulub. Rektor inkişaf etmiş ölkələrin geniş texnoloji imkanlarının elmi innovasiyaların elm tutumlu sənayeyə tətbiqi ilə bağlı olduğunu vurğulayaraq tədbirin mövzusunun aktuallığına diqqət çəkib, konfransın məhsuldar olacağına əminliyini ifadə edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin nümayəndəsi Teymurlan Şabanov, KOBİA-nın idarə heyətindən Teymur Cəfərov, Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Muzaffer Elmas, İstanbul Texniki Universitetinin professoru Sema Erentürk, Respublika Rəssamlar İttifaqının üzvü Qasım Qasımov konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında İsveçin Linnaeus Universitetinin professoru Alastair Şelmanın, Cənubi Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin eksperti Byung Chang Yullun, Belarusun Vitebsk Dövlət Texnologiya Universitetinin nümayəndəsi Yelena Vankeviçin, Bosniya və Herseqovinanın Bihac Universitetindən Ajna Jodanoviçin, Azərbaycan Dövlət İqtisad Universitetindən Fazil Vəliyev və Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyevin müxtəlif məruzələri dinlənilib.
Beynəlxalq elmi-praktik konfrans 8 istiqamət üzrə panel iclaslarla davam edib.
Konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olan 150-dən artıq tezis daxil edilib.