İQTİSADİYYAT
Azərbaycan Transavropa nəqliyyat şəbəkələrinin inkişafına öz töhfəsini verib
Tbilisi, 22 oktyabr, Ruslan Manafov, AZƏRTAC
Azərbaycan Transavropa nəqliyyat şəbəkələrinin (TEN-T) inkişafına öz töhfəsini verib.
AZƏRTAC-ın Gürcüstan paytaxtına ezam edilmiş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Tbilisidə keçirilən İpək Yolu Forumu (Silk Road Forum 2019) çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən təşkil edilmiş “Avropaya qoşulma – genişləndirilmiş TEN-T-lərin işlənib hazırlanması” adlı plenar sessiyada deyib.
Nazir müavini çıxışında Azərbaycanın nəqliyyat infrastrukturundan, həm ölkəmiz tərəfindən, həm də başqa dövlətlərlə əməkdaşlıq şəraitində irəli sürülmüş və həyata keçirilmiş çoxsaylı layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından, “Şimal-Cənub” layihəsindən və s.-dən danışıb.
Bu istiqamətdə Gürcüstanla əməkdaşlığa toxunan E.Vəlizadə deyib ki, iki ölkə arasında tənzimlənmiş yükdaşımaları sistemi fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycanı forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər təmsil edirlər.
Forum iştirakçıları tədbirin birinci günü ayrıca qruplararası müzakirələr çərçivəsində ticarət, süni intellekt, nəqliyyat və energetika ilə bağlı məsələlərin tam spektrini müzakirə edirlər. Forumun ikinci günü Gürcüstanın özəl sektoruna və investisiya imkanlarına həsr edilib.