İQTİSADİYYAT


Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən tərəflər hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, müştərək layihələrin hazırlanması, turizm statistikası və araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

Razılaşmada Azərbaycanın cəlbedici və uğurla inkişaf edən turizm destinasiyasına çevrilməsində, milli turizm brendinin beynəlxalq marketinq və təşviqat kampaniyalarının aparılmasında tərəflərin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Azərbaycan Hotellər Assosiasiyası, həmçinin hotelçilik üzrə mütəxəssislərə olan tələb və ehtiyacları araşdırmağı, orta və peşə təhsili səviyyəsində turizm üzrə təhsilin inkişafına töhfə verməyi öhdəsinə götürür.

Müqavilədə Azərbaycan Hotellər Assosiasiyasının HOTREC (Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyası) təşkilatına və HOTREC təşkilatı yanında fəaliyyət göstərən Avropa hotel təsnifatı sistemi olan "Hotelstars Union"a üzv olması, daha sonra milli hotel təsnifat sistemini formalaşdıraraq tətbiq etməsi məsələsi də qeyd olunur. Azərbaycan Turizm Bürosu isə ölkədə hotel təsnifat standartlarının beynəlxalq təcrübə əsasında inkişafında və tətbiqində Azərbaycan Hotellər Assosiasiyasını əsas tərəfdaşı kimi qəbul edir.

Qeyd edək ki, Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası dekabrın 4-də təşkil olunacaq. Baş Assambleya ölkə üzrə hotelçilik sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq bu sahədə mövcud potensialı inkişaf etdirmək və çatışmazlıqları aradan qaldırmaq üçün müzakirə platforması rolunu oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.