MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun beş yaşı qeyd olunmuşdur
Bakı, 12 fevral (AZƏRTAC). Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağının fəaliyyətə başlamasının beş illiyinə və 2011-ci ilin “Turizm ili” elan olunmasına həsr edilmiş tədbir keçrilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, fəaliyyətindən və ötən beş ildə qazanılan uğurlardan danışmışdır.
ATİ-nin beşillik fəaliyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ali təhsil müəssisəsinin ölkəmizdə turizm sektorunun inkişafına verdiyi töhfələrdən danışmış, institutun kollektivini yubiley münasibətilə təbrik etmişdir.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması turizm sektorunun inkişafını daha da sürətləndirəcəkdir. Yeni turizm obyektləri inşa olunacaq, bir sıra layihələrə imza atılacaqdır. Son illər Azərbaycana turist axınının sürətləndiyini deyən nazir ötən il ölkəmizə gələn turistlərin sayının 1 milyon 900 mindən çox olduğunu, yaxın 5 ildə isə turistlərin sayının 3-4 milyona çatacağını bildirmişdir.
İnstitutun inkişaf yolundan danışan nazir demişdir ki, beş il əvvəl cəmisi 3 ixtisas üzrə fəaliyyətə başlayan ATİ-də hazırda tələbələr 11 ixtisas üzrə təhsil alırlar. Bildirilmişdir ki, bu ali təhsil müəssisəsinin digər bir üstünlüyü onun ikili diplom təcrübəsindən istifadə etməsindədir. Ötən il institutu bitirmiş 74 bakalavrdan 14-ü Avstriya Krems İMC Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Sevindirici haldır ki, artıq ATİ-nin əksər məzunları ixtisaslarına uyğun işlə təmin edilmişlər.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AMİHİRK) sədri Cəmilə Səttarova institutun kollektivini yubiley münasibətilə təbrik etmişdir.
Tədbirdə ATİ-nin bir qrup əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin diplomları və AMİHİRK-nin fəxri fərmanları təqdim olunmuşdur.
Son beş ildə ATİ-nin fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında fərqlənmiş Kütləvi İnformasiya Vasitələrinin bir qrup nümayəndəsinə, o cümlədən AZƏRTAC-ın əməkdaşına təşəkkürnamə və xatirə hədiyyələri verilmişdir.
######