İQTİSADİYYAT
Azərbaycan “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya” çərçivəsində 137 ölkə ilə əməkdaşlıq edir
Bakı, 6 iyul, AZƏRTAC
Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində Azərbaycan 137 ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev bildirib.
Nəzərə çatdırılıb ki, sözügedən çoxtərəfli Saziş ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.
O.Musayev əlavə edib ki, Dövlət Vergi Xidməti 2017-ci ildə yuxarıda adıçəkilən Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Həmçinin 2015-ci ildə Azərbaycan Respublikası ilə ABŞ hökuməti arasında Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş imzalanıb.