İDMAN
Azərbaycan Voleybol Federasiyası milli komandada və klublarda çıxış edən oyunçuları xüsusi diqqətdə saxlayır
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası (AVF) Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan qərarına əsasən Azərbaycan çempionatlarını, ölkədə fəaliyyət göstərən voleybol üzrə bölmələr və klublarda məşqləri dayandırıb. AVF bununla yanaşı, milli komanda və klub oyunçularını da xüsusi diqqətdə saxlayır.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, artıq Azərbaycan Super Liqasında və Yüksək Liqasında oynayan komandaların legionerlərinin təhlükəsizliyi nəzərə alınaraq öz ölkələrinə yola salınıblar.
Uçuşların təxirə salınması səbəbindən “Azərreyl”də çıxış edən seneqallı Mbayang Seck, sloveniyalı Mojca Pene isə hazırda Bakıdadır. Hər iki oyunçuya komanda rəhbərliyi lazımi şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə qayıtmasına kömək göstəriləcəyini bildirib.
Koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq Vətənə qayıdıblar. “Al Nassr Saudi” klubunda çıxış edən Vüqar Bayramov və Andrey Vasilenko hələ də Bəhreyndədirlər və onlar çempionatın tam sona çatmasını gözləyirlər.
Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət milli komandamızın ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Millimizin oyunçularının vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.
Qadınlardan ibarət milli komandamızın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. İsraildə çıxış edən Yuliya Kərimova da artıq vətəndədir və o, yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadırlar.
Bununla belə, çıxış etdikləri ölkədə qalan voleybolçularımız da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçimiz Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.
Polşada çıxış edən hücumçumuz Marqarita Əzizova isə xüsusi reyslə Vətənə qayıdıb və karantinə alınıb. O, müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evinə buraxılacaq.
Ölkəmizdə çıxış edən yığmamızın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.
AVF-nin prezidenti Cavid Qurbanov, vitse-prezidenti Faiq Qarayev və baş katibi Cəlil Cəfərov milli komandalarımızın hər bir oyunçusunu xüsusi diqqətdə saxlayır, həkimlərimizlə məsləhətləşmələr aparır və karantində olanlarla maraqlanırlar.