REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir
Balakən, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Respublika Günü münasibətilə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən videokonfransda səsləndirilib.
Tədbirdə icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, şöbənin baş məsləhətçisi Türkan Əliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, gənclər və idman idarəsinin əməkdaşı Nurlan Şibliyev və başqaları çıxış edərək, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi olduğunu bildiriblər.
Vurğulanıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Cümhuriyyətin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir.
Videokonfransda, həmçinin 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb. Çıxış edənlər şanlı zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını vurğulayıblar.