CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ABŞ-ın İllinoys ştatında qeyd edilib
Vaşinqton, 21 may, AZƏRTAC
ABŞ-ın İllinoys ştatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirilib. İllinoysun Amerika Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil edilən tədbirdə İllinoys ştatının müxtəlif şəhərlərindən və ölkənin digər əyalətlərindən gəlmiş 200-dən çox qonaq iştirak edib.
Tədbir zamanı bir çox fəal icma üzvləri və amerikalı dövlət rəsmiləri, alimlər təbrik nitqləri ilə çıxış ediblər. Skoki yaşayış məntəqəsinin meri Corc Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Azərbaycan diasporunun fəal üzvləri Tomris Azəri, Adil Bağırov, professor Nəsiman Yaqublu, professor Harri Lepinske və digər qonaqlar Azərbaycan Xalq Cümhuriyyəti haqqında fikirlərini bölüşüblər. Tədbirdə Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin komandiri Naimi Əmiralın və digərlərinin təbrik məktubları oxunub.
Gecənin musiqili hissəsində tanınmış tarzən Ramiz Quliyevin, müğənnilər Lalə Məmmədovanın, Nuriyyə Hüseynovanın, Çinarə Məlikzadənin və pianoçu Etibar Əsədlinin ifaları qonaqlara xoş anlar yaşadıb. Tədbir iştirakçılarına təşkilatçılar tərəfindən xüsusi olaraq hazırlanmış, Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr təqdim edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton