CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Misirdə silsilə tədbirlərlə qeyd edilməkdədir
Qahirə, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə silsilə tədbirlər keçirməkdədir.
AZƏRTAC xəbər verir ki, sözügedən yubileylə əlaqədar rəsmi qəbul, konsert proqramı, Misirin aparıcı “Qahirə-1”, “Qahirə-2”, “Nil” kanallarında müsahibələr, proqramlar verilib.
Silsilə tədbirlər çərçivəsində Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik xəbərlər agentlikləri (Yaxın Şərq Xəbərlər Agentliyi) və qəzetlərində (“Əl-Əhram”, “Əl-Cümhuriyyə”, “Əl-Əxbar”, “Youm7”, “Shababnil”) ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Respublika Günü münasibətilə məqaləsi dərc edilib.
Məqaləsində səfir müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir ölkənin daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini, 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirmiş, nəhayət 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını vurğulayıb. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndirildiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.
Son 15 il ərzində Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləyən T.Rzayev ölkəsinin regionda turizm məkanına çevrildiyi, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə