İQTİSADİYYAT
Azərbaycan “Yaşıl Həftə - 2014” beynəlxalq sərgisində uğurla təmsil olunur VİDEO
Bakı, 22 yanvar (AZƏRTAC). Xəbər verildiyi kimi, yanvarın 17-dən Berlində ənənəvi “Yaşıl Həftə-2014” (“Green Week 2014”) beynəlxalq sərgisi keçirilir.
Sərgidəki Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 100-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə yanaşı, 10-dan çox şirkət iştirak edir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərginin ilk günü Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix, Berlin şəhərinin meri Klaus Voverayt, Almaniyanın müvafiq dövlət qurumlarının nümayəndələri, iştirakçı ölkələri təmsil edən digər rəsmi qonaqlar və iş adamları Azərbaycan pavilyonunu ziyarət etmişlər.
Sərgidə Azərbaycan şirkətlərinin məhsulları böyük maraqla qarşılanmış, tədbir iştirakçılarına ölkəmizin investisiya və biznes imkanları, həmçinin rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları barədə məlumat verilmişdir. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanmışdır.
Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş olunur.
Qeyd edək ki, hər il dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin qatıldığı sərgini gün ərzində 20 mindən çox insan ziyarət edir.
Sərgi yanvarın 26-dək davam edəcəkdir.