ELM VƏ TƏHSİL
Azərbaycan aliminin beynəlxalq konfransda məruzəsi dinlənilib
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru dosent Rəşid Ələkbərov Misirin Yeni Qahirə şəhərində onlayn formatda keçirilən Hesablama və informatika üzrə V Beynəlxalq konfransda (5th International Conference on Computing and Informatics, ICCI-2022) iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, R.Ələkbərov konfransda “Cloudlet çoxluğunda tətbiqi proqramların tiplərinə uyğun cloudletlərin seçilməsi strategiyası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə mobil istifadəçilərin tətbiqi proqramlarının “cloudlet” çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun “cloudlet”in seçilməsinin hələ də böyük problem olduğu qeyd edilib. Tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın tipi) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan “cloudlet”in seçilməsi strategiyası təklif edilib. Göstərilib ki, “cloudlet” şəbəkəsinin yaradılmasında istifadə edilən kompüter avadanlıqları müxtəlif texniki imkanlara malikdir. Məqalədə mürəkkəblik dərəcəsi yüksək olan tətbiqi proqramların müəyyən şərtlər daxilində texniki imkanları yüksək olan” cloudlet”də həll edilməsi modeli təklif olunub.
Konfrans Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers, IEEE) dəstəyi, Misirin Gələcək Universitetinin (Future University in Egypt) Kompüter və informasiya texnologiyaları fakültəsinin təşkilatçılığı ilə reallaşdırılıb.