ELM VƏ TƏHSİL
Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri araşdırılır
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda virtual məkanda Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri araşdırılır. Bu məqsədlə vahid transliterasiya standartı hazırlanır - adın, soyadın, toponimlərin düzgün yazılışı işlənir, internetdə fərqli variantların yayılmasının qarşısı alınır, anlaşılmazlıqlar aradan qaldırılır, ünsiyyət asanlaşdırılır, internetdə axtarışın relevantlığı artırılır və digər işlər görülür.
AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev vahid Azərbaycan informasiya fəzasının formalaşması problemlərindən biri olan transliterasiyanın digər ölkələrdə yaşayan azərbaycanlılar, xüsusən də uşaqlar və gənclər üçün bir sıra çətinliklər yaratdığını bildirib. Akademik virtual məkanda transliterasiya problemlərinin həll olunmasının vacibliyini vurğulayaraq bu sahədə mövcud beynəlxalq təcrübədən faydalanmağın və transliterasiya standartlarının işlənilməsinin milli identikliyin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, institutda bu istiqamətdə aparılan elmi tədqiqatların dərinləşdirilməsi vacibdir.