CƏMİYYƏT
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
Tbilisi, 26 yanvar, AZƏRTAC
Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq bütün şəhid ailələrinə diqqət və qayğı göstərir, onların üzləşdikləri problemləri həll edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Rustavidə şəhid Fariz Babanlının ailə üzvləri ilə görüşdə söyləyib.
Səfir ailənin qayğıları ilə maraqlanıb. Bildirib ki, bu günlərdə Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı 6 nəfər Gürcüstan vətəndaşı da şəhid olub. Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan Gürcüstan azərbaycanlılarının sayı isə daha çoxdur. Onların ailələri də diqqətdən kənarda qalmayıb. Azərbaycan Prezidentinin tapşırığı ilə səfirlik şəhid ailələri ilə görüşür, onlara yardım göstərir.
“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova, Ağsaqqallar Şurasının sədri İsak Novruzov, professor Mahmud Kamaloğlu Azərbaycan dövlətinin Gürcüstandakı şəhid ailələrinə göstərdiyi qayğıdan, səfirlik tərəfindən görülən işlərdən danışıblar.
Qeyd edək ki, Babanlı Fariz Şahməddin oğlu 1993-cü il yanvarın 5-də Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Ağstafa rayonunda dəfn olunub. Şəhidin ailəsi Gürcüstanın Rustavi şəhərində yaşayır.
Şəhidin qardaşı Ramiz Babanlı göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi