ELM VƏ TƏHSİL
Azərbaycan ədəbi dilinin zənginləşməsində orta əsrlər farsca-türkcə lüğətlərinin mühüm rolu olub
Bakı, 2 iyul, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada Yeni Türkiyə Strateji Araşdırma Mərkəzində keçirilən "Atebetül Hakayik ve ilk dövr türkcə elmi əsərlər" simpoziumunda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva və “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda M.Nağısoylu “Türkcəni zənginləşdirən XIII-XIV əsrlər farsca-türkcə lüğətlər” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, Azərbaycanda milli ədəbi dilin zənginləşməsində orta əsrlərin yadigarları olan farsca-türkcə lüğətlərin mühüm rolu olub. Orta yüzilliklərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda lüğətçilik geniş şəkildə inkişaf edib, bir sıra izahlı və ikidilli lüğətlər tərtib olunub. Bu dövrün ən məşhur ikidilli lüğətlərindən biri dövrünün görkəmli alimi Fəxrəddin Hinduşah bin Səncər Naxçıvaninin “Sihahül-əcəmiyyə” əsəridir.
Akademik qeyd edib ki, türkcənin dil varlığının zənginliyini özündə ehtiva edən “Sihahül-əcəmiyyə” lüğəti XIII əsr Azərbaycan-türk dilində söz yaradıcılığının müxtəlif vasitələrini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.