CƏMİYYƏT
Azərbaycan ərazisində seysmotomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan və ABŞ seysmoloqlarının birgə həyata keçirdikləri “Qafqaz kəsilişi” layihəsi çərçivəsində tədqiqatlar davam etdirilir. Bununla bağlı Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, elmi işçisi Utku Koçum, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin episentral şöbəsinin müdiri Hidayət Tahirov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərovun iştirakı ilə Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb, həmin stansiyaların məlumatları emal üçün toplanıb.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, bu ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarından keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyən edilib.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan ərazisində seysmotomoqrafiya işləri aparmaqdır.