İQTİSADİYYAT
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tbilisi şəhərində Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Gürcüstan-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İki gün davam edən iclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.