MƏDƏNİYYƏT


Azərbaycan ilə Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan turizm sahəsində rəqabət deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin oktyabrın 4-də Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşündə səslənib.

Söhbət zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, birgə turların təşkili, həmçinin, sərgilərdə birgə stendlərin nümayişi kimi mövzular müzakirə edilib və bu barədə ilkin razılıq əldə olunub.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələri birləşdirir. Hər iki ölkənin müvafiq qurumları bu mövqedən çıxış edərək turizm sahəsində rəqabət mühitində deyil, birgə səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərəcəklər. Bunun da regionda turizmin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb.

Görüşdə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər.

Qeyd edək ki, Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində bu gün Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılışı olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.