SİYASƏT
Azərbaycan ilə İsrail arasında dostluq və tərəfdaşlıq məsələləri müzakirə olunub
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev İsrail Dövlətinin Gürcüstanda yeni təyin olunmuş səfiri Hadas Ester Meitzad ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasındakı dostluq və faydalı tərəfdaşlıq münasibətləri diqqət mərkəzində olub.
Səfir F.Quliyev həmkarı H.E. Meitzadı Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib.
O, Azərbaycan ilə İsrail arasında möhkəm əlaqələrin qurulmasında ölkəmizdə tarixən firavan yaşayan yəhudi icmasının da rolunu qeyd edib. Səfir Azərbaycan Respublikası Prezidentinin yəhudi icmasına diqqət göstərməsi və bunun bariz nümunəsi kimi cari il sentyabrın sonunda ənənəvi olaraq Roş Ha-Şana (yəhudi Yeni ili) münasibəti ilə təbrik etməsini misal çəkib. Səfir Azərbaycan və İsrailin Gürcüstandakı diplomatik missiyaları arasında qarşılıqlı təmasların davam olunmasına dair ümidvar olduğunu bildirib.
Səfir H.E.Meitzad görüşün təşkilinə və xoş sözlərə görə, minnətdarlıq edib.
O, Cənubi Qafqaz bölgəsində mühüm rol oynayan və İsrail Dövləti ilə qarşılıqlı faydalı tərəfdaşlıq quran Azərbaycanın səfirliyi ilə gözəl işçi təmasların saxlanılacağında maraqlı olduğunu bildirib.
Söhbət zamanı tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi