ELM VƏ TƏHSİL
Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında ümummilli lideri Heydər Əliyevin əvəzolunmaz xidmətləri var
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilən “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Validə Məmmədova Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.
“Böyük siyasətçi və dövlət xadimi” mövzusunda məruzə ilə çıxış edən professor İradə Hüseynova ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, müasir müstəqil Azərbaycanın inkişafında və möhkəmləndirilməsindəki rolundan bəhs edib.
Tədbirdə ADMİU-nun kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin Babayevin “Fenomenal şəxsiyyət”, elm və yaradıcılıq üzrə prorektor, professor Məryəm Əlizadənin “Heydər Əliyev və teatr sənəti” və professor Nizaməddin Şəmsizadənin “Mədəniyyət dövlətçilik konsepsiyasının əsası kimi” mövzularında məruzələri dinlənilib.