ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq Biologiya Olimpiadasında 4 medal qazanıb
Bakı, 24 iyul, AZƏRTAC
Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası (IBO2021) təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, olimpiadada qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılan beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir.