CƏMİYYƏT
Azərbaycan meşələrində çoxlu nadir ağac və kollar bitir
Bakı, 12 sentyabr, AZƏRTAC
Böyük Britaniyada yerləşən Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurası yer üzündə ağac növlərinin təxminən 60 min növü olduğunu müəyyən edib. Həmin ağacların ən çoxu Braziliyada, ən az isə Şimali Amerikada bitdiyi məlum olub. Arktika regionunda isə onların 1400-ə qədər növünə rast gəlmək mümkündür.
AZƏRTAC xəbər verir ki, nadir ağacların yarıdan çoxu - 58 faizi dünyanın yalnız bir ölkəsində bitir və başqa ölkələrdə ona təsadüf edilmir. Alimlərin apardığı araşdırmaya görə, təxminən 300 ağac növünün kökü kəsilmək üzrədir, çünki nəsli kəsilməkdə olan hər bir ağac populyasının sayı 500 bitkidən çox deyildir. Məsələn, Tanzaniyada cəmi 6 ədəd karolina giqas ağacı bitir. Alimlər nəslinin kəsilməməsi üçün həmin ağacların toxumlarını yığmağı planlaşdırırlar. Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurasının mütəxəssisləri ağacların növlərinin növünü müəyyən etmək üçün təşkilatın 500 üzvündən alınan məlumatlardan istifadə edib. Ekspertlər hesab edirlər ki, siyahının tərtib edilməsi nəsli kəsilməkdə olan növləri qorumağa xidmət edəcək.
Azərbaycan nadir ağac və kol növlərinin vətəni hesab edilir. Qara cökə üçüncü dövrün qədim bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın cənubunda, Qəbələ rayonunun cənub-şərqində, Şamaxı rayonunun Pirqulu qəsəbəsində daha çox yayılıb. Gec böyüyən, lakin uzun ömürlü qara çöhrə heç vaxt geniş ərazini tutmur. Eldar şamının vətəni Ceyrançöl dağətəyi zonasının Eldar düzüdür. Talış dağlarında üçüncü dövrün qədim və nadir ağacları – dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xurması, şümşad, Hirkan ənciri, ağcaqayın və başqa ağaclar bitir. Nadir rast gəlinən ağacların siyahısını bir qədər də genişləndirmək olar və ölkəmizin meşələri az rast gəlinən həmin bitkilərlə zəngindir.