ELM VƏ TƏHSİL
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub
Bakı, 11 oktyabr, Günel Məlikova, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı birinci cildi artıq işıq üzü görüb.
Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan M.Ə.Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.
Tədbirdə çıxış edən İ.Həbibbəyli ötən əsrin əvvəllərində M.Ə.Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi yüksək dəyərləndirib. O, həmçinin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Azərbaycan bayrağının rəsmi olaraq dövlət rəmzi kimi qəbul edilməsinə müvəffəq olmasını, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə qurulan möhtəşəm Bayraq meydanını Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətinin yeni tarixi epoxadakı isbatı kimi qeyd edib.
Mühacirət ədəbiyyatını dövlət müstəqilliyinin bəhrəsi kimi dəyərləndirən akademik Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının çapa hazırlandığını da bildirib.
Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, dosent Nikpur Cabbarlı kitabın ədəbiyyatşünaslığımız üçün faydalarından bəhs edib.
Türkiyəli alim, professor Yavuz Akpınar, Azərbaycan mühacirət irsinin tədqiqatçısı Ramiz Abutalıbov, filologiya elmləri doktoru Abid Tahirli və digər çıxış edənlər konfransın əhəmiyyətini vurğulayıb, “Azərbaycan mühacir ədəbiyyatı kitabxanası” seriyasından kitabların nəşrini yüksək dəyərləndiriblər.
Kitabın tərtibçiləri və nəşrə hazırlayanlar N.Cabbarlı və filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.
Hazırda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.