SİYASƏT
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
Moskva, 28 yanvar, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin 76-cı ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, baş konsul Sultan Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti yanvarın 27-də Leninqradın faşist blokadasından azad edilməsi münasibətilə Sankt-Peterburq şəhərində keçirilən tədbirlərdə iştirak edib.
Piskaryov Memorial qəbiristanlığında əklil və gül qoyma mərasimində Baş konsulluğun əməkdaşları, tanınmış ictimai xadimlər, ziyalılar və Sankt-Peterburq “Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişovun başçılığı ilə diaspor təmsilçiləri iştirak ediblər. Burada Leninqradın azad edilməsi uğrunda həlak olmuş azərbaycanlı döyüşçülərin memorial lövhəsinin önünə də gül dəstələri qoyulub.
Leninqradın blokadadan tamamilə azad edilməsinin ildönümündə “Ana-Vətən” heykəlinin olduğu mərkəzi xiyabandakı mərasimdə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin başçısı Aleksandr Drozdenko, Federasiya Şurası və Dövlət Dumasının deputatları, məhkəmə hakimləri, ictimai təşkilatların nümayəndələri, blokadanı yaşayanlar, veteranlar və şəhər sakinləri iştirak ediblər.
Mərasimdə Federasiya Şurasının spikeri Valentina Matviyenko və RF Prezidentinin Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan iştirak ediblər. Tədbir fəxri qarovul və hərbi orkestrin keçidi ilə başa çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva