İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
Bakı, 22 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak etmək məqsədilə Moskvaya səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq hər il keçirilən “Nəqliyyat həftəsi” nəqliyyat problemləri üzrə ümumrusiya və beynəlxalq tədbirləri əhatə edir. “Nəqliyyat həftəsi–2019”un “Moskovskiy Qostinıy Dvor” Kompleksində keçirilən açılış mərasimində R.Quluzadə sərgidə təmsil olunan şirkətlərin pavilyonları ilə tanış olub. Sərgilənən məhsullar barədə nazirə ətraflı məlumat verilib.
“Nəqliyyat həftəsi–2019” çərçivəsində MDB-yə üzv dövlətlərin “Nəqliyyat əlaqələndirmə müşavirəsi” də keçirilib. Nazir beynəlxalq tədbirdə Azərbaycanı müşahidəçi qismində təmsil edib.
R.Quluzadə, həmçinin Rusiya Nəqliyyat İdarəsinin 210 illiyi münasibətilə tədbir iştirakçıları üçün təşkil olunan təntənəli mərasimə də qatılıb.
Rusiya səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri R.Quluzadə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix ilə ikitərəfli görüş keçirib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq, inkişaf perspektivləri və onların həlli istiqamətində görüləcək tədbirlər və qarşıda duran işlər müzakirə olunub. Eyni zamanda avtomobil, aviasiya və dəniz nəqliyyatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.