REGİONLAR
Azərbaycan ötən 27 ildə böyük inkişaf yolu keçib
Ağdam, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması xalqımızın tarixində şanlı səhifədir. Dövlət müstəqilliyinin bərpasından ötən 27 il ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. Bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Rayon ictimaiyyəti ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 27 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb, ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində tərəqqi təmin edilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət müstəqilliyimiz daha da möhkəmlənir.
Tədbir konsert proqramı ilə davam edib.