SİYASƏT
Azərbaycan parlamentinin 100 illiyinə həsr edilmiş tədbir ərəb KİV-lərində geniş işıqlandırılır
Qahirə, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və xarici ölkələrdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı ilə Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyinə həsr edilmiş təntənəli iclas populyar ərəb nəşrlərinin səhifələrində geniş işıqlandırılır.
AZƏRTAC xəbər verir ki, «Albilad», «Akhbaralkhaleej», «Alanba», «Al Youm as-Sabia», «Albawabanews», «Masris», «KUNA» və digər populyar ərəb nəşrləri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilmiş geniş tədbir barədə oxucuları ətraflı məlumatlandırırlar. Xüsusi qeyd edilir ki, Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib. Azərbaycan dövlətinin başçısı bu görüşlərdə bəyan edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və əcnəbi qonaqların ölkəmizə budəfəki səfəri parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
KİV-lərdə yayılan məlumata görə, ərəb ölkələrinin qanunvericilik orqanlarının nümayəndələri Azərbaycan parlamentariləri ilə səmərəli görüşlər keçirib, Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin möhkəmlənməsi, parlamentlərarası əlaqələr, habelə xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsində parlamentlərin rolu məsələlərini müzakirə ediblər.
Qeyd olunur ki, Azərbaycan parlamenti müasir demokratik dövlət qurulması, azadlıq və demokratiya prinsiplərinin möhkəmlənməsi, ölkənin inkişafı və firavanlaşması işlərinə sanballı töhfə verib. Bu mövzuda yazılarda xüsusi vurğulanır ki, sözügedən tədbir dünyanın müxtəlif ölkələrinin parlamentləri arasında dostluq və əməkdaşlıq körpüləri yaradılması üçün böyük əhəmiyyət kəsb edir və nəzərəçarpacaq rol oynayır. Bu da öz növbəsində parlament fəaliyyətinin genişlənməsinə şərait yaradır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə