REGİONLAR
Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq və yenilməzlik nümunəsi göstərib
Naftalan, 8 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərib, cəmiyyət həyatına mütəmadi nüfuz edib, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunublar. Ümummilli Liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Qeyd olunub ki, respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən bütün qadınların əməyi daim dövlətimizin başçısı tərəfindən qiymətləndirilir və onlar müxtəlif fəxri adlarla təltif edilirlər. Onlardan biri də Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Nəbizadədir. O, Prezidentin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.