CƏMİYYƏT
Azərbaycan regionda cərrahiyyə üzrə ixtisasartırma mərkəzinə çevrilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə bu ölkənin baş cərrahının rəhbərliyi altında bir qrup cərrah Azərbaycanda ixtisasartırma kursunda iştirak edib. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 29-dan oktyabrın 14-nə kimi Tacikistan Respublikası Qastroenterologiya Elmi Tədqiqat İnstitutunun, Milli Onkologiya İnstitutunun və Düşənbə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının 4 nəfər işçisi M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkil etdiyi İrəli Laparoskopik Cərrahiyyə üzrə İxtisasartırma kursunda iştirak ediblər. Tacikistan dövləti tərəfindən maliyyələşdirilən bu layihədə həkimlər Rusiya, Türkiyə, İran və Azərbaycan klinikaları arasında seçim edərək ixtisasartırma kursunu keçmək üçün məhz Azərbaycanı seçiblər.
Kursun rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümovdan aldığımız məlumata görə onların Azərbaycana gəlməsində əsas məqsəd son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və bacarıqlarını artırmaq olmuşdur. Bu məqsədlə onlar iki həftə ərzində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Almaz Akademiya Tibbi Treninq Mərkəzində xüsusi simulyatorlar üzərində təlimlər keçmiş və regionda yalnız Azərbaycanda icra edilən bir neçə növ mürəkkəb əməliyyatlarda iştirak etmişlər. Onlar professor Qurbanxan Müslümov tərəfindən mədəaltı vəzin şişləri zamanı icra edilən Laparoskopik Vipl əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən Torako-Laparoskopik Ezofaqektomiya-qida borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar və endoskopik və laparoskopik üsulla icra edilən bir sıra digər əməliyyatlarda iştirak etməklə təcrübə qazanaraq öz ölkələrinə dönüblər.
İştirakçılar öz vətəninə döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq edib və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş ediblər.
Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də bu inkişaf və Azərbaycanın region ölkələri üçün tibb kadrlarının ixtisasartırma mərkəzinə çevrilməsi hər kəsi sevindirir.