MƏDƏNİYYƏT
“Azərbaycan rəssamlarının fotoportretləri” sərgisi açılıb
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının fotoportretləri” sərgisi açılıb və Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin “Boyalı gülüşlər” adlı kitabının satış-təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalq rəssamları Arif Hüseynov, Fuad Salayev və başqaları çıxış edərək həm sərgini, həm də yeni nəşri yüksək qiymətləndiriblər.
Bildirilib ki, sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunur.
ARİ-nin dəstəyi ilə reallaşacaq sərginin məqsədi yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmalarına şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr aparmağa yardımçı olmaqdan ibarətdir.
“Azərbaycan rəssamlarının fotoportretləri” sərgisində 55 sənətkarın portreti nümayiş olunur.
On gün davam edəcək fotosərgi müəllifin tamaşaçılar qarşısında üçüncü hesabatıdır.
Qeyd edilib ki, 420 səhifədən ibarət olan “Boyalı gülüşlər”də Azərbaycan rəssamlarının həyatında baş vermiş məzəli əhvalatlar, eləcə də rəssamlığımızla bağlı maraqlı hadisələr və rəssamların şarjları öz əksini tapıb.
Ümumilikdə 278 hadisə-əhvalatın “qəhrəmanları” sırasında Ə.Əzimzadə, M.Abdullayev, S.Bəhlulzadə, B.Mirzəzadə, T.Salahov, L.Kərimov, Ə.Məmmədov, T.Nərimanbəyov, Ö.Eldarov, T.Məmmədov, F.Xəlilov, E.Mikayılzadə və digər rəssamlar yer alıb.
Sonra iştirakçılara və təşkilatçılara minnətdarlıqlarını bildirən müəlliflər Azərbaycan təsviri incəsənətinin bənzərsiz simalarının obrazlarını, həyat hekayələrini gələcək nəsillərə çatdırmaq üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.