MƏDƏNİYYƏT
Azərbaycan tarixi ədaləti bərpa etdi
Daşkənd, 13 noyabr, AZƏRTAC
Özbəkistanın “interpress.uz” portalı Azərbaycanın qələbəsi ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla rus dilində müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycanın tarixi ədaləti bərpa etməsi, məcburi köçkünlərin öz yaşadıqları şəhər, rayon və kəndlərə qayıtması, regionun əvvəlki xoşbəxt həyatına qovuşması, şəhərlərimiz, mədəni və dini abidələrimizin bərpa olunmasından danışılır.
Materialda qədim Şuşa və şəhərdəki abidələr haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarın, musiqiçinin, memar, rəssam, yazıçı, dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətəni, Qarabağın tacıdir.
Şuşa özünün Cıdır düzü, Topxana meşəsi, Qırxqız yaylağı, Daşaltı dərəsindəki Çətir şəlaləsi və neçə-neçə digər cənnət guşələri ilə Azərbaycan təbiətinin incisidir. Azərbaycan xalqı Şuşada min illərlə çoxsaylı tarixi abidələr yaratmış və bu gün də bu abidələr Azərbaycan tarixinin, mədəniyyətinin izlərini daşıyır.
Şuşa Azərbaycandakı tarixi Qarabağ xanlığının paytaxtı olub. Qala divarları, Saatlı məscidi, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Pənah xanın və Qaraböyük xanım sarayı, Qazançı məbədi və başqa abidələri ilə Azərbaycanın açıq hava altında muzeyidir.
Qeyd olunur ki, Şuşa Qafqazın Konservatoriyası adlanır. Bura dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Soltan Hacıbəyli, musiqiçilər Xan Şuşinski, Bülbül, Zülfüqar Hacıbəyli, maestro Niyazi, dünya şöhrətli şair və yazıçılar Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli və Azərbaycanın yüzlərlə tanınmış simalarının Vətənidir. Əsrlər boyu Şuşada azərbaycanlılar yaşayıb, qurub, yaradıb. İşğaldan öncə Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar olub.
Dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Azərbaycan xalqına müraciət edib. Prezident çıxışında 28 il yarım işğal altında qalan Şuşanın Azərbaycan tarixində xüsusi əhəmiyyəti olduğunu bildirib. Prezident 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixində əbədi qalacağını və bu tarixin əbədi yaşayacağını söyləyib. “Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür” ,-deyə dövlət başçısı qeyd edib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdəki yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb.
Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd