SİYASƏT
Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də insan resursları ilə zəngin ölkədir
Bakı, 15 may (AZƏRTAC). ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori və Asiya və Aralıq dənizi Ətrafı Ölkələri üzrə İtaliya İnstitutunun baş katibi, Mikrokredit üzrə İtaliya Daimi Komitəsinin üzvü Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olmuşlar.
Bir sıra digər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin də iştirak etdikləri görüşdə BAMF-ın sədri Umud Rəhimoğlu rəhbərlik etdiyi təşkilatın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranan problemlərə də toxunmuşdur.
R.Miqliori görüşdə demişdir: “Biz siyasətçilər peşə fəaliyyətimizlə əlaqədar çox zaman cəmiyyətdən uzaq düşürük. Şadam ki, bu gün vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir aradayam və bundan çox məmnunam”. O, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişdir.
A.Lokke isə demişdir: “Azərbaycan deyəndə daha çox bu ölkənin enerji resursları yada düşür, amma bu gün şahidi oldum ki, Azərbaycan həm də insan resursları ilə zəng bir ölkədir”.
Görüşdə qonaqlar BAMF və digər təşkilatlar ilə mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmiş, bununla bağlı müzakirələr aparılmışdır.