CƏMİYYƏT
Azərbaycan vaksinlənmiş sakinlərin sayına görə MDB ölkələri arasında ikinci yeri tutur
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə MDB ölkələri arasında ikinci yeri tutur.
AZƏRTAC MDB ölkələrində koronavirus infeksiyası ilə bağlı vəziyyət haqqında Birliyin İcraiyyə Komitəsinin saytında yerləşdirilmiş informasiyaya istinadla xəbər verir ki, vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə birinci yeri Rusiya tutur.
Saytda qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin əvvəlindən 2021-ci il iyunun 1-dək dünyada COVID-19-a yoluxma hallarının təsdiqlənmiş sayı 170,4 milyonu aşıb. Təkcə 2021-ci ilin may ayında yoluxanların sayı 17,7 milyon nəfər və ya 12 faiz artıb. COVID-19 səbəbindən ölənlərin sayı 3,5 milyona çatıb. Onlardan 0,3 milyon nəfəri may ayında vəfat edib.
Eyni müddətdə MDB ölkələrində təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 9,1 milyon, ölənlərin sayı isə 0,2 milyon olub. Ötən ay ərzində Birlik ölkələrində xəstələnənlərin sayı 0,5 milyon nəfər və ya 6 faiz, ölənlərin sayı 21,4 min nəfər və ya 12 faiz artıb.
Dünyada COVID-19-a qarşı vaksinləmə 2020-ci il dekabr ayının ikinci yarısında başlanıb. 2021-ci il iyunun 1-i üçün olan məlumata görə koronavirusa qarşı 1,98 milyard doza, o cümlədən Çində 682 milyon, ABŞ-da 296 milyon, Hindistanda 213 milyon doza vaksin vurulub. Avropa İttifaqı ölkələri üzrə məcmu göstərici 252 milyon dozaya bərabər olub.
Birlik ölkələrində əhalinin vaksinasiyası 2021-ci ilin yanvar ayında başlanıb. 2021-ci il iyunun 1-i üçün olan məlumata görə, MDB ölkələrində vurulmuş vaksin dozalarının ümumi sayı 39 milyona yaxındır.
Azərbaycanda vaksinləmə yanvarın 18-də başlanıb. Bu günə qədər ölkəmizdə koronavirusa qarşı 2 milyon 546 min 169 peyvənd edilib. Birinci mərhələdə vaksinləşdirilənlərin sayı 1 milyon 611 min 165 nəfər, ikinci mərhələdə 935 min 4 nəfər olub.