ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə arasında təhsil körpüsü: Layihə tələbələrin internet təhlükəsizliyi sahəsində biliklərini artıracaq

Bakı, 19 iyun, AZƏRTAC

Şəhid Sərdar Denizər İmam Hatip orta məktəbindən Habip Arvas və Gəncədəki 22 saylı tam orta məktəbdən Mehriban Hüseynova tərəfindən təşkil edilən “eTwinning” layihəsi çərçivəsində “Manisafer” kursları təşkil edilib. Kurslarda şagirdlərə və onların valideynlərinə media savadlılığı, internet təhlükəsizliyi və “eSafety” etiket bilikləri mövzusunda onlayn təlimlər keçirilib. “eSafety Label” biliklərinə əsaslanan layihə Azərbaycan və Türkiyə müəllimləri arasında təhsil körpüsü rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, layihənin müəlliflərindən olan Habip Arvas burada əsas məqsədin “eSafety Label” mədəniyyətini yaymaq və beləliklə, internet təhlükəsizliyi barədə məlumatlılığın artırılması olduğunu deyib. Onun sözlərinə görə, distant təhsil zamanı tələbələrimiz vaxtlarının çox hissəsini kompüter arxasında keçiriblər və internet aləmlə çox təmasda olublar.

Layihə rəhbəri deyib: “Bu vəziyyətlə valideynlərimizin necə narahat olduğunun fərqindəyik. Ölkəmizin də üzv olduğu Avropa “eSafety Label” platformasının Türkiyədəki səfirlərindən biri kimi “eTwinning Manisafer” layihəsini “eSafety Label” mədəniyyətinin təməlini yaratmaq üçün qurduq. Layihə tələbələrimizə xarici dillərini inkişaf etdirmək, internet təhlükəsizliyi və media savadlılığı kimi mövzularda təcrübə qazanmaq imkanı verib. Valideynlərimizi işimizə cəlb edərək, övladlarının internet təhlükəsizliyindəki tərəqqisini yaxından izləmələrini təmin etdik. Bundan əlavə, müxtəlif mütəxəssislərlə təşkil etdiyimiz onlayn seminarlar vasitəsilə valideynlərimizin internet təhlükəsizlik mədəniyyətinə töhfə verməyə çalışdıq. Tələbələrimiz “web 2.0” alətlərindən istifadə edərək rəqəmsal bacarıqlarını inkişaf etdirdilər”.

O, layihə müddətində azərbaycanlı və türkiyəli tələbələrin işləri ilə tanış olduqlarını bildirib, media savadlılığı və internet təhlükəsizlik terminləri lüğəti, internet təhlükəsizliyi məsləhətləri kitabı, dezinformasiya, on altı sualda kiberzorakılıq, müəllif hüququ lisenziyası kitabı və rəqəmsal ayaq izləri kataloqunun əldə olunmasını diqqətə çatdırıb. Layihə rəhbərinin sözlərinə görə, Türkiyədəki “eTwinning” layihələrinin milli direktoru Mehmet Fatih Döğer iki dövlət arasında münasibətləri daha da inkişaf etdirməyə və birgə fəaliyyət göstərməyə çağırıb: “Direktorumuzun çağırışı bu layihə ilə məna kəsb etdi. Düşünürəm ki, layihəmiz fərqli təhsil layihələrində birləşməyə xidmət edəcək.

Habip Arvas “eTwinning” layihəsinin Azərbaycanın Gəncə və Türkiyənin Manisa şəhərləri arasında möhkəm qardaşlıq əlaqələrinin yaranmasına səbəb olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.