CƏMİYYƏT
Azərbaycan və Türkiyə fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində səmərəli əməkdaşlıq edirlər
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN-in Akademiyasında keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlimdə iştirak edən Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti ilə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev arasında görüş olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir müavini Etibar Mirzəyev nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirməsi məqsədilə həyata keçirdiyi tədbirlər və növbəti addımlar barədə məlumat verib. Bu sahədə göstərdiyi dəstəyə görə Türkiyə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir müavini hər iki qardaş ölkənin aidiyyəti qurumlarının INSARAG-ın tərkibində səmərəli əməkdaşlığını xüsusi qeyd edib.
Əbdülkadir Tezcan Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin hazırlıq prosesi çərçivəsində Azərbaycan FHN-in qurumlarının təchizat və fəaliyyəti ilə tanış olduqlarını, qurumların axtarış-xilasetmə, yanğınsöndürmə sahəsində geniş imkanlarından məmnunluqlarını ifadə edib. Qonaq Azərbaycanın “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə ev sahibliyi etməsini yüksək qiymətləndirib, əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG-ın sinifləndirməsindən keçməsinə hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.