İQTİSADİYYAT


Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlığa dair birgə işçi qrupun iclası keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Bakıda Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 2017-ci il 8 avqust tarixli Anlaşma Memorandumu əsasında yaradılmış birgə işçi qrupunun birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

İclasda qeyd edilib ki, iki ölkənin dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və məhsuldar əməkdaşlığın inkişafına təkan verir.

Eyni zamanda, iclas iştirakçıları ötən ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar.

İclasda Anlaşma Memorandumunun məqsədlərinə nail olmaq üçün iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf perspektivləri müzakirə olunub və bu cür əməkdaşlığın Azərbaycanın və Türkmənistanın iqtisadiyyatına böyük töhfə verəcəyi qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələləri müzakirə ediblər.

İki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacaq gələcək razılaşmaların əldə olunması üçün Xəzər dənizində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.