QAN YADDAŞI
Azərbaycan xalqının yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş terror aktıdır
Tbilisi, 17 yanvar, AZƏRTAC
İyirmi Yanvar şəhidlərinin xatirəsi Gürcüstanın qərbində, Şidi Kartli bölgəsinin Kaspi rayonunun azərbaycanlılar yaşayan Ferma kəndində anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb, hər iki xalqın oxşar taleyi, müstəqillik uğrunda mübarizəsinin eyniliyi barədə danışıb. O, 1989-cu ilin 9 aprelində Gürcüstanda, 1990-cı il yanvarın 20-də isə Azərbaycanda törədilmiş qırğınların eyni ssenari əsasında həyata keçirildiyini bildirib.
Diplomat deyib ki, keçmiş sovet dövlətinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz yaddaşlarda insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Heç şübhəsiz, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı.
Bildirilib ki, həmin kədərli günlərdə yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib SSRİ rəhbərliyini bu cinayəti törətməkdə qətiyyətlə ittiham edib. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qanlı Yanvar müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Sonra Azərbaycan İş Adamları Birliyinin sədr müavini Cəmil Qasımov, professor Mahmud Kamaloğlu, Gürcüstan Ağsaqqallar Şurasının rəhbəri İsak Novruzov və başqaları çıxış edərək bildiriblər ki, həmin tarixi gündə Azərbaycan xalqı əsrlərboyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğurunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
Kənd sakinləri azərbaycanlılar yaşayan bölgələrdə bu cür tədbirlərin keçirilməsini razılıqla qarşılayıblar. Bildirilib ki, bu cür tədbirlər azərbaycanlı gəclərin doğma Azərbaycanın şanlı və faciəli tarixini öyrənmələrində, Vətənə bağlılığın daha da möhkəmlənməsində mühüm rol oynayır.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi