REGİONLAR
Azərbaycançılığın ümummilli ideologiyaya çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Gəncə, 30 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Konfransda Ulu Öndərin çoxşaxəli və zəngin siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri universitetin rektoru Yusif Yusibov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən, azərbaycançılıq məfkurəsi, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor bildirib ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynayıb.
Elmi-praktik konfransda universitetin professoru Mübariz Yusifov, Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azad Bayramov, Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Cavadov, kafedra müdiri Cavid Bağırzadə, dosent Qivami Qazıyev məruzələrlə çıxış ediblər.
Məruzələrdə Ümummilli Lider Heydər Əliyevin hər zaman milli ideologiyanı və azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən ətraflı danışılıb.