CƏMİYYƏT
Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.9 faizi tütün məmulatlarından istifadə edir VİDEO
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Qəhrəman Haqverdiyev İSİM tərəfindən tütünlə mübarizə məqsədilə bir neçə sayt və mobil tətbiq yaradıldığını bildirib. O, mərkəzin "Qaynar xətt"inin fəaliyyət göstərdiyini və siqareti tərgitmək istəyənlərə tövsiyələr verildiyini vurğulayıb.
Mərkəzin direktoru məktəblilər, onların valideynləri və müəllimlər üçün zərərli faktorlar və sağlam həyat tərzi haqqında tam məlumatların toplandığı internet portalının yaradılacağını da diqqətə çatdırıb.
Sonra İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva "Sağlam həyat tərzinin təbliği və maarifləndirmə tədbirləri" mövzusunda təqdimatla çıxış edib. L.Quliyeva çıxışı zamanı mərkəzin müxtəlif vaxtlarda həyata keçirdiyi tütünlə mübarizə tədbirləri haqqında ətraflı məlumat verib.
"Tütün epidemiyası: təhlükələr və mübarizə yolları" mövzusunda təqdimatla çıxış edən İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev tütündən istifadənin dünyada əsas səkkiz ölüm səbəbindən altısında risk faktoru olduğunu bildirib.
O, tütün məmulatlarının ətraf mühitə vurduğu ziyan haqqında məlumat verərək deyib: "Hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır. İl ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir. Dünyada hər il tütün səbəbindən 1 milyon yanğın baş verir. Hər il tütün məmulatlarının istehsalı və istehlakı səbəbindən 600 milyon ağac kəsilir, 200 min hektar torpaq, 22 milyard ton su istifadə olunur, 84 milyon ton CO2 atmosferə atılır".
Dünya əhalisinin 30 faizinin siqaret çəkdiyini və həmin göstəriciyə görə Avropanın birinci olduğunu diqqətə çatdıran T.Musayev il ərzində bir milyon nəfərin passiv tütünçəkməyə görə vaxtından əvvəl vəfat etdiyini vurğulayıb. İSİM-in şöbə müdiri Azərbaycanda tütün məmulatlarından istifadə edənlərin sayının getdikcə azaldığını, 15 yaşdan yuxarı kişilər arasında bu rəqəmin 31.9 faiz təşkil etdiyini bildirib.
Mərkəzin şöbə müdiri təqdimat zamanı, həmçinin tütünlə mübarizədə dünya təcrübəsindən və ölkəmizdə görülən tədbirlərdən bəhs edib.
Tədbir müzakirələrlə davam edib.