CƏMİYYƏT


Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılması üçün tədbirlər görülür

Bakı, 18 mart, AZƏRTAC 

Martın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.

İSİM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin direktoru Qəhrəman Haqverdiyev çıxış edərək tədbirin əsas məqsədinin ictimaiyyətin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni, əməkdaşlığı daha da genişləndirmək olduğunu deyib: “Hazırda əsas məqsədimiz budur ki, Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olaq. Unutmayaq ki, əhalinin sağlamlığının qorunmasına təsir edən əsas faktorlardan cəmi 10 faizi tibbin üzərinə düşürsə, qalan 50 faizi həyat tərzi, 20 faizi irsi amillər, 20 faizi isə ətraf mühitin göstərdiyi təsirlərdir. Bu baxımdan, ictimai səhiyyə, yəni profilaktika tədbirləri və maarifləndirmə işləri, qarşılıqlı fəaliyyət və əməkdaşlıq əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır”. İSİM-in İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tətbiqinin gündəlik həyatımızda artıq özünü göstərdiyini, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirildiyini deyib: “Prezident İlham Əliyev tərəfindən imzalanan və bu gün ölkəmizdə tətbiq olunan bu Qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının qorunmasıdır. İctimai yerlərdə, idarə və müəssisələrdə qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur”.

Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Tütünlə mübarizə sahəsində məqsədyönlü kommunikasiya tədbirləri” mövzusunda çıxış edərək zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğulayıb. Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Sağlamlıq və rifah: biznes qurumlarının rolu və əməkdaşlığın əhəmiyyəti” mövzusunda geniş təqdimatla çıxış edib, hər kəsi əhalinin sağlamlığı istiqamətində görülən işlərə dəstək olmağa çağırıb. Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə dəyirmi masa iştirakçılarına Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin multisektoral fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Hökumət və qeyri-hökumət təşkilatları, biznes strukturlarının nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Yekunda Azərbaycanda ictimai səhiyyənin təşkili işinə, əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərə dəstək verən təşkilatlara təşəkkürnamələr və bütün iştirakçılara tütün əleyhinə maarifləndirici materiallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.