REGİONLAR
Azərbaycanda dövlət gənclər siyasəti yeni mərhələsini yaşayır
Masallı, 26 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu gün Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 26-da Masallı şəhərindəki Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümünə həsr olunmuş konfransda səsləndirilib.
Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov rayonun gənclərini və idmançıları əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, gəncləri Azərbaycanın gələcək qurucuları adlandıran ümummilli lider Heydər Əliyev onların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətinə xüsusi önəm verirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, 5 Dövlət Proqramının qəbul olunması, “Dövlət gənclər siyasəti haqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndərin gənclərə olan böyük qayğısının təzahürüdür.
Rayon şahmat məktəbinin direktoru Famil Fərmanlı, “Gənc Vətənpərvərlik” klubunun sədri Cəmaləddin Məmmədov və başqaları çıxışlarında dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurları Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.
Tədbirdə rayonun ictimai-siyası həyatında fərqlənən və idman sahəsində uğur qazanmış gənclərin bir qrupuna rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları verilib.