CƏMİYYƏT
Azərbaycanda əcnəbi uşaqların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Bakı, 7 noyabr, AZƏRTAC
20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar oktyabrın 20–dən noyabrın 20-dək ölkəmizdə elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova çıxış edərək uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mütərəqqi addımlar, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı nəinki azərbaycanlı, hətta ölkəmizdə yaşayan əcnəbi uşaqların da taleyində əhəmiyyətli rol oynayır.
Qeyd edilib ki, əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, onların təhsilləri, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının həyata keçirilməsinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər hər zaman diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.