REGİONLAR
Azərbaycanda ən çox heykəl ucaldılan rayon – Qazaxdan reportaj VİDEO
Qazax, 5 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax Azərbaycanda ən çox heykəl ucaldılan rayonlarımızdan biridir. Rayon ərazisində onlarla tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub. Yerli sakinlər bunu təbii qarşılayırlar. Heykəllərin çox olmasını isə bu rayondan xeyli sayda məşhur tarixi şəxsiyyətlərin, şair və yazıçıların çıxması, eyni zamanda, onlara verilən dəyərlə əlaqələndirirlər.
AZƏRTAC xəbər verir ki, təkcə rayon mərkəzində 25-dən çox tarixi şəxsiyyətin heykəli və büstü ucaldılıb. Ümumilikdə isə rayon ərazisində belə büst və heykəllərin sayı 40-a yaxındır.
Heykəllər, eyni zamanda, rayona gələn qonaqlara tarixi şəxsiyyətlərimiz, alimlərimiz, yazıçılarımız, şairlərimiz və sərkərdələrimiz haqqında məlumat almağa da imkan verir. “Bu şəxsiyyətlərin hər biri Azərbaycan tarixində dərin iz qoyub. Ona görə onların xatirəsi əziz tutulur. Bizim üçün fəxrdir ki, şəhərimizdə belə şəxsiyyətlərin heykəlləri ucaldılıb”, – deyə şəhər sakini Gündüz Şahvələdov söyləyib.
Abidələrin əksəriyyəti şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında ucaldılıb. Təkcə bu parkda dahi Azərbaycan şairləri Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Səməd Vurğunun heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin - ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əliağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin, Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Əhməd Seyidovun, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun da büstləri yer alıb.
Tarix müəllimi, araşdırmaçı Mustafa Mirzəyev qeyd edib ki, abidələrin daha çox olmasını istəyir: “İstərdim ki, Cavad bəy Şıxlınskinin, general Süleyman Əfəndiyevin, İbrahim ağa Usubovun da heykəlləri ucaldılsın. Dörd dəfə “Müqəddəs Georgi” ordenli Səid Zeynalovun, SSRİ Xalq artisti, balerina Leyla Vəkilovanın da abidələrini görmək istərdim. Yəni, Qazaxın onlarla belə tarixi şəxsiyyəti var”.
Bu abidələrin ucaldılması xalqımızın öz tarixi şəxsiyyətlərinə olan ehtiramından irəli gəlir. “Qazaxı Yunanıstanla müqayisə edirlər. Çünki Yunanıstanda tarixi şəxsiyyətlərin, filosofların çoxlu büstləri var. Qazax isə şairlər vətənidir. Gördüyünüz heykəl və büstlər bilavasitə dövlətimizin dəstəyi ilə ucaldılır. Bu, əhali tərəfindən də çox yaxşı qarşılanır”, - deyə Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal bildirib.
Ucaldılan heykəl və büstlər həm də heykəltəraşlıq əsərləri olaraq diqqəti çəkir.