ELM VƏ TƏHSİL
“Azərbaycanda həyat keyfiyyəti – 2020: İnklüziv inkişafa doğru” kitabı çapdan çıxıb
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri dosent Pərviz Həsənovun və Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin elmi işçisi Minarə Ağayevanın “Azərbaycanda həyat keyfiyyəti – 2020: İnklüziv inkişafa doğru” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən kitabın elmi redaktoru iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevadır.
Kitab Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə İqtisadiyyat İnstitutunda aparılan tədqiqatın nəticələrini əks etdirir. Qiymətləndirmələr institutun mütəxəssisləri tərəfindən hazırlanmış həyat keyfiyyəti indeksi (HKİ) əsasında aparılıb. Tədqiqat ölkənin 11 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.
Bu araşdırma 2019-cu ildə yerinə yetirilmiş eyniadlı tədqiqatın davamıdır. İki il müddətində reytinqdə baş vermiş dəyişikliklər kitabda geniş təfsir olunub. Ümumən bu tipli bölgələrarası və dövri aparılan müqayisələr ciddi praktik əhəmiyyətə malikdir və nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaiti ayrılarkən faydalı ola bilər.