İQTİSADİYYAT
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
Bakı, 22 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Noyabrın 21-dən 26-dək Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəsi Tariyel Ağazadə məlumat verilib.
“StartupFest 2019” hökumət strukturlarını və gənc startapçıları, investorları, korporasiyaları, universitetləri və media nümayəndələrini, həmçinin müxtəlif ölkələrdən beynəlxalq qonaqları bir araya gətirəcək. Festivalın əsas məqsədi təcrübə mübadiləsi üçün fürsət yaratmaqla Azərbaycan ekosisteminə müsbət təsir göstərməkdir.
O bildirib ki, festival bir sıra beynəlxalq şirkətlərin tədbirlərindən ibarət olacaq. Həftənin ilk tədbiri “FUN Baku/VOL.5” noyabrın 21-də keçiriləcək. Həmin gün Gəncədə isə “Startup Grind Ganja” adlı tədbir təşkil olunacaq. Həmçinin festival çərçivəsində “Techstars Startup Weekend Fintech”, “DevopsDays”, “Product Hunt Meetup”, “TEDx” kimi tədbirlər də keçiriləcək.