İQTİSADİYYAT
Azərbaycanda ilk dəfə böhran kommunikasiyası təlimi keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİKTM) "Böhranın idarə olunması və kommunikasiyası" mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, İİTKM-nin konsaltinq və treninq əlaqələndiricisi Kamil Ələsgərov bu tipli təlimin ölkəmizdə ilk dəfə həyata keçirilməsi və hədəfləri barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd böhranın idarə olunması və ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması ilə əlaqədar mövcud beynəlxalq təcrübənin mənimsənilməsi və mübadiləsindən ibarətdir. Dövlət qurumları üçün nəzərdə tutulan tədbir Dünya Bankının mütəxəssislərinin dəstəyi ilə reallaşdırılır.
Dünya Bankının ekspertləri böhran hallarında dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edərək, fəaliyyətlərin birgə şəkildə uzalaşdırlmasının əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, böhran hallarında ictimaiyyəti ən çox maraqlandıran suallar, dövlət qurumlarına ünvanlanan sorğular vaxtında cavablandırılmalı, narahatlıq doğuran məqamlara dərhal aydınlıq gətirilməlidir.
Tədbirin sonunda ekspertlər tərəfindən iştirakçıların marağına səbəb olan mövzular üzrə geniş müzakirələr aparılaraq çoxsaylı suallar cavablandırılıb. Seminarın təşkili İİTKM-nin keyfiyyətli konsaltinq və treninq xidmətlərini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi mühüm addımlardan biridir.